Un altra segnalazione della mia intervista sulla poesia e di traduzione di mie poesia in lingua azera su lla Rivista di Letteratura dell’Azerbaijan

Qui il link al sito e sotto le poesie tradotte

http://edebiyyatqazeti.az/news/world/6529-cagdas-italyan-seiri-laura-qaravaqlia?

Asperger sindromu

 

Aşıb-daşan ağrıların izini,

dağınıq həyatın həyəcanlarını,

həyatın səs-küyünü

anlaya bilmirəm.

Əzəldən bu naməlum xaos

məsumluğa,

rəmzlərə və rəqəmlərə,

nizamlı ardıcıllığa

düşmən kəsilibdir.

 

Qocanın tələskənliyi

 

Geciksəm də

həyatı sahmana salmalıyam,

hər şeyi nizamlayıb

sıranı gözləməliyəm.

İndi vərdişlər həbsxanaya bənzəyir:

məchulluqdan,

havanın dəyişkənliyindən

qoruyur.

 

Yay

 

Bəlkə ötən yay, bəlkə də inişilkiydi.

Amma görüntü eyniydi: məhkumlar

bellərinə qədər suyun içində,

hind qozu satıcısı,

qəzetin üstündə yağ ləkəsi.

Bircə arxa plan dəyişir.

 

Koimbranın kitabxanası

 

İki yüz min kitab

qızılı madeyra rəflərində.

Gecəleyin bayquş böcəkləri yox edərək

milyonlarla sözü taxtaqurdlarından qoruyur.

Biliklərin qoxusu köhnəlib, sükutu isə

ölü şeylərə çöküb.

 

Zaman oxu pozulacaq, itəcək.

Əgər bir mənası varsa

sən də yoxluq olacaqsan.

Zaman özü belə bitəcək

açıqlanmamış düsturlar kimi.

Sabahın közərən ulduzu hələ ki

günlərindən macərasını oğurlayır.

 

Kvant mexanikası

 

Bəzi hadisələr, niyəsi bilinməsə də

eləcə baş verir.

Nüvə kimyası belə,

izah edə bilmir

bizi bir-birimizə bağlayan

ayrılığın altı dərəcəsini.

 

Fəzaların musiqisi

(Pifaqor)

 

Ahəngdar sıranın sirri

çəkicin çırpıldığı

su ilə dolu qabdadır.

Notlar və rəqəmlər arasında

işığa qərq olmuş yol vardır.

Düstur və səs, kəsrlərin ardıcıllığı:

gözəlliyin misliz ölçüsü.

 

Evrika (Arximed)

 

Bütün önyarğılara rəğmən

siz gerçəyi sevdiniz,

bədənin cazibədar qüsurlarını.

Hər bir əyri düz ola bilər,

kubun mükəmməlliyində

bütün kitablar vardır.

Əzəli qanunları bilirdiniz,

böyükdə və kiçikdə sonsuzu aradınız.

Cəhalətin qılıncıdır pislik,

qumlarda çəkilmiş dairələr üzərində

həyata son qoyur.

Fibonaççi ədədləri

(Fibonaççi adıyla anılan Leonardo Pisano)

 

Şərq və Qərb arasındakı körpü

ədədlər üzərində qurulub.

Ərəb tacirlərinin böyüklüyünü anlayırdınız.

Dühanız II Fridrixin sarayında

əyan-əşrəfi çaşdırırdı.

O işarələrin mücərrəd mükəmməlliyi,

gizlin füsunkar irsiliyi

həm üzdədir, həm də sizdən sonra

Paçolinin söylədiyi şahinin sirli uçuşundadır –

hər şey ilahi ölçü-biçidədir.

 

Rəqəmlər və göy cisimləri (Karl Fridrix Hauss)

 

Atanız sulara hökm edirdi,

fəvvarələr və borularlaydı işi.

Sizin üçün isə yazı taxtası səma idi,

parlaq göy cisimləriydi rəqəmlər.

Müəlliminiz Bütner

ağlınızda yalnız kainatın olduğunu

vaxtında anlamışdı.

 

Qrup nəzəriyyəsi

(Evaris Qalua)

 

Siz rəqəmlərin Rembosusunuz,

amma dahinin çılğınlığı

adamın axırına tez çıxır

və ağılsız qaydaları sevməz.

Ətraf həyatla bağlarınızı qopardınız,

Sent Pelaje qazamatında belə

ağlınız büllur bir nərdivan kimi

qrup nəzəriyyəsinə qədər yüksəldi.

İyirmi yaşı keçdiniz və

fərqli bir eşq,

poladın iştirakı ilə cinayət

sizi işıqdan ayırdı.

 

Mütləq sonsuzluq

(Georq Kantor)

 

Göyə yüksələn çarpaz bir nərdivan vardı,

ağıl addımlayırdı onunla.

Hər rəqəm bir addımdı

sonsuza doğru.

Amma vaxtın gücündən kənarda

Ruh mütləq olanı axtarırdı.

Mərkəzin xaricində, ortabablıqdan o yanda,

ağlın bəyaz həbsxanasında

tale işarələnibdi

bilməyənlər tərəfindən.

 

Alan Türinq

 

Böyük süni ağıl ideyasını irəli sürdünüz –

pis bir vərdiş kimi, çəkinərək.

Yaşadığın fərqlilik içində qapandınız –

rəqəmlərin və işarələrin səması altında.

Əxlaqı iyrənc təbəssümə döndərən

nağılların şəri ilə qarşılaşdınız.

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

 

 

 

Laura     Qaravaqlia: “İtaliyada çox insan şeir yazır,

ancaq şeir oxuyan,

nədənsə, azdı…”